Limodorum abortivum (L.) Sw. Azərbaycanda itmə təhlükəsi altında olan kökümsovlu səhləb növüdür. Məqalədə 2018-2021-ci illərdə həyata keçirilən çöl tədqiqatları əsasında L. abortivum növünün Böyük Qafqaz sıra dağları və Talış dağları ərazilərində yayılması tədqiq edilmişdir. Növün potensial yayılma əraziləri Növlərin Yayılma Modelindən (NYM) istifadə olunaraq dəqiqləşdirilmişdir. Model nəticəsində müəyyən edilmişdir ki, bu növə hazırki yayılma ərazilərindən başqa ətraf ərazilərdə də rast gəlinməsi mümkündür. L. abortivum növünün toxum vasitəsilə təsnifatı və təyinatı üçün binokulyar stereomikroskop və işıq mikroskopdan istifadə edilərək toxum morfoloji xüsusiyyətləri araşdırılmışdır. Morfoloji əlamətlərə toxumların ölçüsü və forması daxildir. Təhlillər nəticəsində müəyyən olunmuşdur ki, toxumun uzunluğu 665.4 μm - 1339.6 μm, eni isə 352.5 μm - 399.8 μm aralığı ölçüsündədir. Toxumların morfoloji xüsusiyyətlərinin nəticələri L. abortivum növünün gələcəkdə təyinatı zamanı faydalı ola bilər.
https://doi.org/10.30546/2664-5297.2023.2.35
ABCDE