Xəzər dənizinin alqoflorasının öyrənilməsi 1960-cı illərdən başlamışdır, lakin Xəzər dənizinin Azərbaycan hissəsinin yosunlarının öyrənilməsi son iyirmi ildə nəzərəçarpacaq dərəcədə məhdudlaşıb və hal-hazırda bu tədqiqatların genişləndirilməsi, alınmış nəticələrin əvvəlki illərdə əldə olunan məlumatlarla müqayisə edilməsi vacibdir. Xəzər dənizinin alqoflorası taksonomik cəhətdən zəif öyrənilmişdir. Tədqiqatımızın əsas məqsədi Xəzərin alqoflorasının biomüxtəlifliyini aşkar etmək, taksonomik strukturunu öyrənmək, bəzi xarici mühit amillərinin yosunlara təsirini müəyyənləşdirməkdir. Məqalədə Abşeron yarımadasının Xəzər sahilboyu ərazilərinin dəniz makrofitlərinə və mikroskopik yosun florasınına dair yeni məlumatlar öz əksini tapmışdır. Tədqiqatlarda 26 yosun növü aşkar edilmişdir. Bu növlərin aid olduğu şöbələr: Rhodophyta (1 növ), Charophyta (3 növ), Cyanobacteria (3 növ), Chlorophyta (10 növ), Bacillariophytina (alt şöbə) (9 növ) müəyyən edilmişdir. Chlorophyta şöbəsi Xəzər dənizinin Abşeron sahillərinin yosun florasının tərkibində dominant qrup olub 38.5%, Cyanobacteria şöbəsi 11.5%, Charophyta şöbəsi 11.5%, Rhodophyta şöbəsi 3.9%, Bacillariophytina alt şöbəsi 34.6% ilə təmsil olunmuşdur. Yosun florasında Oscillatoriaceae Engler, Spirogyraceae Bessey, Cladophoraceae Wille və Naviculaceae Kützing aparıcı fəsilələr olaraq müəyyənləşdirilmişdir.
ABCDE