Yenikənd su anbarının ətrafında landşaftların təhlili aparılmış, məlum olmuşdur ki, ərazidə mövcud olan bitkilər 15 landşaftda altı bitkilik və beş torpaq tipində formalaşmışdır. Ərazinin cənub-şərq hissəsində mülayim rütubətli dağ-meşə landşaftlarına rast gəlinir ki, bu tipdə əsasən Fagus orientalis - Carpinus orientalis və Quercus iberica - Carpinus orientalis növlərinin dominantlığı ilə enliyarpaqlı meşələr yayılmışdır. Su hövzəsinin cənub hissəsi alçaq dağlığın arid və semiarid landşaft tipinə aiddir. Burada kserofit və bozqır landşaftlarla yanaşı xırda təpəciklər və düzənlik ərazilərin yarımsəhra landşaftları da geniş yayılmışdır. Torpaq tiplərindən subasar allüvial-çəmən tipinə anbarın ətrafı və çay kənarlarında dar zolaqlar şəklində, yuyulmuş və karbonatlı (tuqay) çəmən-meşə tipinə anbarın cənub və şimal hissəsində kiçik ləkələr şəklində, qismən şorlaşmış açıq şabalıdı tipinə anbarın şimal və cənub hissəsində rast gəlinir. İntensiv antropogen təzyiq nəticəsində böyük ərazilər meşəsizləşərək əkin sahələrinə çevrilmişdir. Su anbarı ətrafında Phragmites communis, Tamarix meyeri və T. ramossisima növlərinin üstünlük təşkil etdiyi sıx yulğun və qamışlıqlara rast gəlinir, efemer bitkilərdən isə Atraphaxis spinosa L. üstünlük təşkil edir.
https://doi.org/10.30546/2664-5297.2023.2.17
ABCDE