ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
GÖY PƏNCƏRİN (AMARANTHUS BLITUM SUBSP. OLERACEUS L. COSTEA) MÜXTƏLİF HİSSƏLƏRİNDƏN ƏLDƏ EDİLMİŞ XAM EKSTRAKTLARIN ANTİMİKROB FƏALLIĞININ DƏYƏRLƏNDİRİLMƏSİ
Emil N. Şükürlü, Zərnigar B. Babayeva, Sevda A. Muradova

Antibiotiklərə qarşı rezistentliyin artması və yeni patogen ştamların meydana çıxması, potensial mikrobəleyhinə vasitələrin əlçatan və iqtisadi cəhətdən səmərəli mənbəyi kimi dərman bitkilərinin tədqiq edilməsinin vacibliyini vurğulayır. Amaranthus L. növləri ənənəvi təbabətdə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Bu tədqiqatın məqsədi Amaranthus blitum subsp. oleraceus növünün yerüstü hissələrinin və köklərinin müxtəlif ekstraktlarının in vitro mikrobəleyhinə təsirini qiymətləndirməkdir. Ekstraktların Qram-müsbət və Qram-mənfi bakteriyalara, həmçinin Candida albicans da daxil olmaqla müxtəlif mikroorqanizmlərə təsiri disk diffuziya metodu ilə qiymətləndirilmişdir. Xam etanol, aseton, benzol və xloroform ekstraktları 100% DMSOda, sulu ekstraktlar isə distillə olunmuş suda həll edilərək işçi məhlulları hazırlanaraq sonrakı analizlər üçün 75 mq/ml konsentrasiyaya çatdırılmışdir. Nəticələrə əsasən, yerüstü hissələrdən və köklərdən etanol, aseton və xlorofromla əldə edilən ekstraktlar, xüsusilə Bacillus anthracoides əleyhinə antibakterial fəallıq sərgiləmişdir, həmçinin hər iki hissələrdən əldə edilən etanol, aseton, benzol və xloroform ekstraktları Candida albicans əleyhinə antifunqal təsir nümayiş etdirmişdir. Sınaqdan keçirilən bütün sulu ekstraktlar çox zəif antibakterial fəallıq göstərmişdir və Candida albicans əleyhinə heç bir antifunqal təsir müşahidə edilməmişdir. A. blitum subsp. oleraceus əsrlər boyu dünyanın müxtəlif regionlarında tərəvəz bitkisi kimi becərilmişdir. Xam ekstraktlarda müşahidə olunan antibakterial fəallıq A. blitum subsp. oleraceus bitkisində bioloji fəal komponentlərin mövcudluğunu göstərir və əlavə fitokimyəvi tədqiqatların aparılaraq, həm farmakoloji, həm də aqrar sahələrdə tətbiqlərin həyata keçirilməsini məqsədəuyğun edir.

Açar sözlər: antibakterial fəallıq, antifunqal fəallıq, disk-diffuziya, inhibisiya zonası, mikroorqanizmlər, bitki ekstraktları
Ədəbiyyat

ABCDE