Tədqiqatların əsas məqsədi toksiki Zn2+ ionların təsirinə məruz qalmış buğda cücərti yarpaqlarının (Triticum aestivum L.) hüceyrə və xloroplastlarında oksigenin reaktiv molekulyar tərkib artımının qarşısını alan antioksidant mənşəli Glycyrrhiza glabra ekstraktının xüsusiyyətinin tədqiqi olmuşdur. Flüoressensiyanın (Xl a-nın msan LF) rekombinasion xarakteristik və piqment fondunun dəyişkənliyi əsasında göstərilmişdir ki, fotosistem II-nin elektron nəqliyyat zəncirinin, əsasən donor tərəfində elektron daşınma reaksiyasının blokadası və fotosintetik piqmentlərin akkumulyasiyasının zəifləməsi baş verir. Bu stresə qarşı Xl a 680 nm daha davamlıdır. Stresə məruz qalmış cücərtilərin G. glabra ekstraktı ilə inkubasiyası zamanı fotosistem II-nin elektron nəqliyyat zəncirində elektron nəqlinin (P680*‒QA-QB) və piqmentlərin işiq toplayan antenlərinin udma qabiliyyətinin bərpası müşahidə olunur. Ekstraktın antioksidant aktivliyi stabil radikal DPPH reaksiyası ilə təsdiqlənir. G. glabra əsasında “Glysotrical” bioaktiv kompozisiyanın farmakoloji effekti kimyəvi və termiki zədələnmə zamanı dovşanın dəri örtüyünün regenerasiyasında biruzə olunur. Alınan nəticələrdən fərz etmək olar ki, G. glabra ekstraktının müdafiə effektliyi onun zəngin fotokimyəvi tərkibindən asılıdır. Əsası flavonoidlər və triterpen saponinlər olan ekstrakt sərbəst radikalların artmasının qarşısını alır və hüceyrəni zədələnmədən qoruyur. Mümkündür ki, saponinlər membran aktivbirləşmə olub, stres zamanı zədələnən membranın lipid komponentini korrelyasiya edir.
ABCDE