İlk dəfə olaraq, Azərbaycan florasında yayılan 17 yabanı lərgə (Vicia L.) növü və yarımnövünə aid (V. bithynica (L.) L., V. sativa subsp. cordata Wulf, ex Hoppe, V. elegans Guss, V. hirsuta (L.) S. F Gray, V. hybrida L., V. lutea L., V. monantha Retz (V. cinerea Bieb.), V. narbonensis L. (V. johannis Tamamsch.), V. pannonica Crantz, V. peregrina L., V. sativa subsp. nigra (L.)Ehrh. (V. angustifolia Reichard), V. sativa subsp. sativa L., V. tetrasperma (L.) Schreb., V. tenuifolia subsp. variabilis (Freyn et Sint.) Dinsm., V. villosa subsp. varia (Host) Corb. (V. dasicarpa auct.), V. villosa subsp. villosa Roth, V. loiseleurii (M. Bieb.) H. Lindb. (V. meyeri Boiss.)) toxum nümunələrinin mikromorfologiyası və toxum səthinin quruluşu skan elektron mikroskopu (SEM) vasitəsilə tədqiq edilmişdir. Toxum nümunələri 2015-2017-ci illərdə Azərbaycanın müxtəlif bölgələrindən (Zaqatala, Ordubad, Xızı, Şamaxı, Masallı, Qəbələ, Lerik, Tovuz) 11 marşrut üzrə toplanılmışdır. Toplanılan toxum nümunələri 2 yarımcins (Vicia, Vicilla) və 8 seksiyaya (Vicia, Hypechusa, Peregrinae, Faba, Narbonensis, Cracca, Lenticula, Ervum) aiddir. Toxum nümunələrində səthin quruluşu, papillaların (toxum səthində əmzik şəkilli çıxıntılar) forması, sıxlığı, səthin kəsikli və ya mumlu təbəqəsi skan elektron mikroskopiya metodu (SEM) vasitəsilə öyrənilmişdir. Tədqiqat zamanı toxumun morfoloji əlamətləri, o cümlədən ümumi forması, ölçüsü, rəngi stereomikroskop vasitəsilə müəyyən edilmişdir. Lərgə taksonlarında toxum səthinin başlıca forması papillalar olmuşdur. Lakin papillalarda yan kəsiklərin ölçüsü və papillaların sıxlığı müxtəlif taksonlarda fərqli olmuşdur. Toxumun dörd morfoloji əlaməti: hilumun nisbi ölçüsü və forması, mikropilenin (toxum girişinin) hiluma nəzərən nisbi yerləşməsi, hilumun toxum səthində tutduğu mövqe sabit olmuşdur. Müəyyən edilmişdir ki, toxum təbəqəsinin mikroskopik tədqiqi mühüm rol oynayır və yarımcins və seksiyaların statusunun dəqiqləşdirilməsində istifadə oluna bilər. Toxumun digər əlamətləri (forması, rəngi, toxumun ölçüsü) isə taksonların təyin olunmasında qiymətli hesab edilir.
ABCDE