Kənd təsərrüfatı sahələrindən şirin su ekosistemlərinə daxil olan pestisidlər su orqanizmlərinə mənfi təsir göstərə və ekoloji tarazlığı poza bilər. Bu tədqiqatda Zəngilan rayonundan toplanmış Cladophora glomerata (L.) Kütz. yosununa imidakloprid tərkibli iki pestisidin (Kingprid və Kingema) təsiri araşdırılmışdır. Bu filamentli yaşıl yosun ətraf mühit dəyişikliklərinə həssaslığı və şirin su ekosistemlərində ilkin istehsalçı kimi mühüm rolu baxımından model orqanizm kimi seçilmişdir. Stress göstəriciləri kimi xlorofilin miqdarı, hüceyrə canlılığı və struktur dəyişiklikləri qiymətləndirilmişdir. Nəticələr göstərmişdir ki, hər iki pestisid xlorofil miqdarının və hüceyrə canlılığının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuş, bu təsir yüksək səviyyələrində daha intensiv olmuşdur. Aşağı təsir səviyyələrində yalnız zəif piqment solması və cüzi struktur dəyişiklikləri müşahidə olunmuşdur və yüksək təsir zamanı ciddi rəngsizləşmə, hüceyrə membranının zədələnməsi, sitoplazmanın yığılması və filamentlərin parçalanması qeydə alınmışdır. Müqayisəli analiz göstərmişdir ki, Kingprid preparatı Kingema ilə müqayisədə daha güclü toksik təsir göstərmişdir. Bir faktorlu dispersiya analizi (ANOVA) variantlar arasında statistik cəhətdən əhəmiyyətli fərqlərin olduğunu təsdiq etmişdir (p < 0.001) və pestisid təsiri ilə yosun reaksiyası arasında aydın əlaqə olduğunu göstərmişdir. Əldə olunan nəticələr imidakloprid tərkibli pestisidlərin şirin su yosun birliklərinə mənfi təsir göstərir, ilkin məhsuldarlığı azaldır və ekosistem sabitliyini pozur. Tədqiqat, xüsusilə kənd təsərrüfatı fəaliyyəti artan bölgələrdə, o cümlədən Zəngilan rayonunda, ekoloji risklərin qiymətləndirilməsi və monitorinq proqramlarında yosun bioindikatorlarının istifadəsinin vacibliyini vurğulayır.
ABCDE