Bu məqalədə, Azərbaycanın Quba rayonunda rast gəlinən növlərə diqqət yetirilərək, göbələklərin farmakoloji dəyəri, onların bioloji aktiv maddələri və tədqiqat tendensiyaları haqqında məlumat verilir. Tədqiqat işi həm əvvəlki illərə aid herbari nümunələri, həm də müəlliflər tərəfindən son illərdə toplanmış göbələk nümunələri əsasında aparılmışdır. Nəticədə, tədqiq olunan ərazidə qeydə alınmış ümumilikdə 104 növ və bir variasiyadan 27-sinin qiymətli terapevtik təsirlərə malik olduğu müəyyən edilmişdir. Göbələklər Ascomycota və Basidiomycota şöbələrinə aid olmaqla 22 cins, 16 fəsilə və 7 sıra ilə təmsil olunur. Toplanılan göbələklərin əksəriyyəti antibakterial, antixərçəng, antioksidant və immuntənzimləyici xüsusiyyətlərə malikdir. Bunlardan Fomes fomentarius, Fomitopsis quercina, Ganoderma lucidum, Morchella esculenta, Phellinus igniarius, Pleurotus ostreatus, Schizophyllum commune və Suillus granulatus beş və daha artıq sayda terapevtik təsir xüsusiyyətlərini özündə birləşdirir. Tədqiq olunan göbələklərdən Boletus edulis, Cerrena unicolor, Collybia nuda, C. odora, Coprinellus micaceus, F. quercina, Ganoderma applanatum, G. lucidum, Hydnum repandum, Hypholoma fasciculare, Laetiporus sulphureus, Lentinus tigrinus, Ph. igniarius, Pholiota aurivella, P. ostreatus, S. commune, Stereum hirsutum, S. granulatus, Trametes hirsuta və T. ochracea patogen bakteriya, virus və göbələklərə qarşı yüksək inhibitor təsir göstərən güclü antimikrob xüsusiyyətlərə malikdir. Aparılan araşdırmalar göbələklərin istifadə imkanlarını üzə çıxarır və gələcək tədqiqatlar üçün əsas verir.
ABCDE