Məqalədə Juniperus excelsa subsp. polycarpos (K. Koch) Takht. (syn. Juniperus polycarpos K. Koch) və Juniperus oxycedrus L. növlərinin yarpaq və zoğlarının morfoloji və anatomik analizi təqdim olunur. Bu növlərin respublika ərazisində bitmə şəraitinin kifayət qədər məhdud olmasına baxmayaraq, arid və yarım-arid (quraq və yarımquraq) zonalarda növlərin morfoloji inkişafı normal qiymətləndirilmişdir. Hər iki növün yarpaq və gənc zoğlarının nümunələri onların Türyançay Dövlət Təbiət Qoruğundakı təbii areallarından, arid seyrək meşə şəraitindən toplanmışdır. Onların kserofit şəraitə uyğunlaşmasını əks etdirən quruluş xüsusiyyətləri müəyyən edilmişdir. Hər iki növ qalınlaşmış kutikulaya malik birqatlı epidermis, batıq ağızcıqlar, inkişaf etmiş mexaniki toxuma və qətran kanallarının mövcudluğu ilə xarakterizə olunur. J. oxycedrus növü üçün üçbucaqlı zoğların və künclərdə aydın ifadə olunmuş qətran kanallarının olması xarakterik olduğu halda, J. polycarpos növündə müxtəlif inkişaf dərəcəsinə malik ksilema və fərqli formalı mərkəzi silindrlə seçilən iki və üçpərli zoğlar aşkar edilmişdir. J. oxycedrus-dan fərqli olaraq, J. excelsa subsp. polycarpos növünün zoğları iki və üçpərli forması ilə fərqlənir ki, bu da yarpaqların qarşı-qarşıya və topaşəkilli düzülüşünü əks etdirir. Əldə edilmiş məlumatlar hər iki növün əsas anatomik xüsusiyyətlərinin oxşarlığını və bitkilərin rütubət qıtlığına, həmçinin ekstremal temperaturlara qarşı davamlılığının artırılmasında onların funksional rolunu təsdiqləyir. Tədqiqatın nəticələri bu növlərin müxtəlif iqlim şəraitinə adaptasiya mexanizmlərinin dərk edilməsi baxımından əhəmiyyətlidir.
ABCDE