Tədqiqat 2023–2024-cü illərdə Qarabağın aran ərazilərində, xüsusilə Tərtər, Ağcabədi, Bərdə və Ağdam rayonlarında etnobotaniki və fitosenoloji metodlardan istifadə edilməklə aparılmışdır. Bu işin əsas məqsədi xalq təbabətində ənənəvi şəkildə istifadə olunan, geniş yayılmış paxlalı bitki növlərinin senopopulyasiyalarını qiymətləndirmək və onlarla bağlı yerli bilikləri sənədləşdirmək olmuşdur. Məlum olmuşdur ki, Melilotus officinalis (0.70), Trifolium repens və T. pratense (hər ikisində 0.61) növlərində istifadə dəyəri əldə olunmuş istinadların sayına görə ən yüksəkdir, Glycyrrhizа glаbrа (91.06%) və Coronilla varia (98.37%) növlərinin isə bəzi xəstəliklərdə etibarlılıq dərəcəsi daha çox olmuşdur. Yerli icmalar bu bitkiləri əsasən revmatizm, həzm sistemi və tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə edirlər. Yüksək istifadə göstəriciləri və geniş tətbiq sahələri nəzərə alınaraq, bu növlərin yayıldığı bitki birləşmələrində senopopulyasiyalarının ontogenetik quruluşu və vəziyyəti qiymətləndirilmişdir. Ontogenetik mərhələlərin inkişafına əsasən aşağıdakı modellər müəyyən edilmişdir: II və VI senopopulyasiyalar mərkəzləşmiş ontogenetik spektrlə xarakterizə olunur; IV populyasiya iki zirvəli (bimodal) quruluşa malikdir; I və V populyasiyalar sola meyilli, III populyasiya isə sağa meyillidir. Yaş və effektivlik göstəricilərinin qiymətləndirilməsi göstərmişdir ki, I, IV, V və VI senopopulyasiyalar keçid tipinə (Δ = 0.44–0.54; ω = 0.53–0.71) aiddir; II populyasiya yetkin, III populyasiya isə qocalma mərhələsindədir (Δ = 0.47–0.57; ω = 0.60–0.71).
ABCDE

