Bitki aləminin hərtərəfli öyrənilməsi və qorunması botaniklərin qarşısında duran əsas məsələlərdəndir. Cyanoprokaryota (Cyanophyta, Cyanobacteria)– göy-yaşıl yosunlar fotosintez prosesində iştirak edən və qlobal ekosistemə böyük təsir edən prokariyot orqanizmlərinin ən qədim qrupudur. Onlar təkamül ağacının əsasında bitkilərdən üç milyard il bundan əvvəl ayrılmış və özlərinin sərbəst budağını əmələ gətirmişdilər. Bu qrup fotosintetik qrupların heterogen birliyi olub birhüceyrəli, kolonial, sapvari və ya şaxəli sapvari formalara malik 150-dən çox cinsə aid 2000 növü birləşdirir. Cyanoprokaryota sudan quruyadək, qaynaq bulaqlar, çox duzlu sular, səhra və qütb regionları kimi ekstremal mühitlərdə geniş yayılmışlar. Xəzər dənizi – unikal, dünya okeanından təcrid olunmuş şortəhər sulu, meridian istiqamətində uzanan sututarıdır, Avropa və Asiyanın qovşağında yerləşir. Orta və cənub Xəzərin suları 955 km uzunluğunda Azərbaycan sahillərini yuyur. Suyun duzluluğu 12-13.4‰ arasında dəyişir, yalnız cənub Xəzərin Kürün mənsəbində olan hissəsi daima şirinləşməyə məruz qalmaq olar. Göy-yaşıl yosunlar Xəzər su ekosisteminin ayrılmaz komponentidir və onlar müxtəlif rola malikdir. Belə ki, onlar Xəzərdə çöküntü əmələgəlmə prosesində mühüm rol oynayır, neftəbənzər birləşmələr sapropel əmələ gətirir və ehtimal olunur ki, bu da neftin sələfidir. Buna görə də, digər komponentlər kimi göy-yaşıl yosunlar diqqətlə tədqiq edilməli və qorunmalıdır. Tərəfimizdən təqdim olunan məlumatlar ötən əsrin 70-ci illərindən hazıradək müəyyən intervallarla Xəzər dənizində planlı şəkildə aparılan işlərin nəticələrinə əsaslanır. Ədəbiyyat məlumatlarının və çoxillik alqolojı tədqiqatların təhlili nəticələrinə əsasən tədqiq olunan sahənin göy-yaşıl yosunlarının növmüxtəlifliyi, ekologiyası və yayılması barədə məlumatlar genişlənib. Bütövlükdə, öyrənilən ərazi üçün Cyanophyceae sinfinin üç yarımsinfi, beş sırası, 20 fəsiləsi və 44 cinsinə aid 93 növ göy-yaşıl yosun məlumdur. Synechococcales (7 fəsilə, 15 cins, 27 növ) və Oscillatoriales (3 fəsilə, 13 cins, 35 növ) sıraları növ müxtəlifliyi ilə üstünlük təşkil edir, bu da ümumi növlərin 66.7% təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunun alqoflorasına 55 növ, göy-yaşıl yosun əlavə edilmişdir, bunlardan 25 növ bütövlükdə Xəzər üçün əlavədir.
ABCDE